Mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Baş naziri xanım İnqrida Şimonite ilə görüşü olub. Bu barədə Azərbaycan Prezidentinin saytında məlumat verilib.
“Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsinin aparıldığı görüşdə bu sahədə böyük potensialın olduğu vurğulanıb. Xüsusilə investisiyalar, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub”, - deyə məlumatda bildirilib.
Baş nazir Litvanın Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində həyata keçirilən Tvininq layihələrində fəal rol oynadığını xüsusi qeyd edib, ölkəsinin bundan sonra da bu sahədə əməkdaşlığa hazır olduğunu bildirib.
Şimonite ölkəsinin Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunmasını dəstəklədiyini qeyd edib.
“O, nəqliyyat dəhlizlərinin açılması məsələsində Litvanın ərazisindən keçən və Rusiya ilə Kalininqradı birləşdirən tranzit dəhlizi layihəsi üzrə öz təcrübəsini bölüşməyə hazır olduğunu bildirib”, - deyə məlumatda vurğulanıb.
Əliyev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh danışıqları prosesi haqqında məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.*
X.Nəsirzadə