30 aprel 2023-cü il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 45 milyard 582,7 milyon manat məbləğində qiymətləndirilir. Bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 31 dekabr 2022-ci il tarixinə bankların aktivləri 47 milyard 54,9 milyon manat məbləğində olub. Beləliklə, yanvar-aprel aylarında bankların aktivləri 3,1% azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Apreldə bankların ümumi aktivləri mart ayı ilə müqayisədə 1,6% və ya 739,5 milyon manat artıb.
AMB-də müxbir hesablarda bank vəsaitləri 1,7 dəfə - 3 milyard 788,5 milyon manatadək azalıb.
Aprelin sonuna bankların kredit portfeli 20 milyard 379,6 milyon manat (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 4% - İF) təşkil edir.
Bankların ümumi kapitallaşması 5 milyard 811,4 milyon manat (artım 3,4% - İF) təşkil edir.
Bankların öhdəlikləri 39 milyard 771,3 milyon manata (azalma 4%) bərabərdir. Bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 108,6 milyon manat məbləğində (azalma 2 dəfə) qiymətləndirilir. Banklarda depozit portfeli 32 milyard 366,9 milyon manat (azalma 4,1%), o cümlədən əhalinin əmanətləri 11 milyard 955,4 milyon manat (artım 4,1%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, yanvar-aprel aylarında bankların ümumi xalis mənfəəti 345,2 milyon manat təşkil edib (2022-ci ilin müvafiq dövrü lə müqayisədə artım 39,2% - İF).
Hesabat dövründə bankların faiz gəlirləri 1 milyard 97,1 milyon manat (artım 34,6%), o cümlədən verilmiş kreditlər üzrə 810 milyon manat (artım 20,1%) təşkil edib.
Bankların qeyri-faiz gəlirləri 374,9 milyon manat məbləğində (artım 14,5%) olub.
Bu dövrdə bankların faiz xərcləri 268,4 milyon manat (artım 39,1%), o cümlədən depozitlər üzrə 190,5 milyon manat (artım 41,8%), qeyri-faiz xərcləri 668,1 milyon manat (artım 22,2%) təşkil edib.
Yanvar-aprel aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 512,9 milyon manat (artım 31,9%) təşkil edib.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 434,1 milyon manat (artım 42,2%), mənfəət vergisi üzrə ödənişlər 88,9 milyon manat (artım 55,7%) məbləğində qiymətləndirilir.
30 aprel 2023-cü il tarixinə respublikada 25 bank fəaliyyət göstərir. Bu bankların 10-u xarici kapitallıdır (2022-ci ilin sonuna – 11 bank).
Bankların 493 filialı (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 1,2%) və 94 şöbəsi (2022-ci ilin sonuna 91) var.
Bank sektorunda 23,258 min nəfər (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 2,1% - İF) çalışır.**
X.Nəsirzadə