Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Monteneqro parlamentinin sədri Daniyela Curoviçi qəbul edib, tərəflər ikitərəfli münasibətlərin genişləndirilməsi perpektivlərini müzakirə ediblər.
Dövlət başçısının saytında məlumat verilir ki, görüş zamanı Əliyev ikitərəfli əlaqələrimizin yaxşı səviyyədə olduğunu bildirdi.
O, Avropanın enerji təchizatının şaxələndirilməsi məsələsində Azərbayanın önəmli tərəfdaşa çevrildiyini dedi. Bununla əlaqədar prezident Azərbaycan ilə Monteneqro arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat və energetika sahələrində əməkdaşlığın genişləndirilməsinin önəmini vurğuladı.
Öz növbəsində, Curoviç Podqoritsanın Azərbaycan ilə enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu vurğuladı. Ölkələrimiz arasında çarter aviareyslərinin həyata keçirildiyini deyən Curoviç bunun turizm sahəsində əlaqələrin genişlənməsinə töhfə verdiyini qeyd etdi, gələcəkdə bu istiqamətdə də əməkdaşlığı dərinləşdirmək üçün yaxşı imkanların olduğunu bildirdi.
“Görüşdə, həmçinin sərmayələr sahəsində əməkdaşlıq məsələləri də müzakirə olundu” – məlumatda vurğulanır. **
R.Əhmədov