2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 4,1% - 21 milyard 5,9 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Aprel ayında bankların və BOKT-ların kredit portfeli 341,1 milyon manat artıb.
Aprelin sonuna vaxtı keçmiş kreditlərin həcmi 591,8 milyon manat (hesabat dövründə azalma 0,3% - İF) və ya bütün kreditlərin 2,8%-ni (2022-ci ilin sonuna 2,9%) təşkil edir.
2023-cü il aprelin 30-na dövlətin iştirak payına malik olduğu banklar tərəfindən 4 milyard 72,1 milyon manat (artım 5,7%) və ya bütün kreditlərin 19,4%-i, özəl banklar tərəfindən 16 milyard 307,5 milyon manat (artım 3,6%) və ya bütün kreditlərin 77,6%-i həcmində kredit verilib. Qalan 626,3 milyon manat (artım 6,2%) bank olmayan kredit təşkilatlarının payına düşür.
Aprelin sonuna verilmiş kreditlərin ümumi həcmindən 16 milyard 972,1 milyon manat (artım 4,8%) milli valyuta, 4 milyard 33,77 milyon manat (artım 1,1%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 19,2% (2022-ci ilin sonuna 19,8%) təşkil edir.
Bankların və BOKT-ların kredit qoyuluşlarının strukturunda 3 milyard 342,7 milyon manat (bütün kreditlərin 15,9%-i) ticarət və xidmət sahələrinin, 676,6 milyon manat (3,2%) mədən sənayesi və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektorunun, 545,48 milyon manat (2,6%) kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 1 milyard 71,8 milyon manat (5,1%) tikinti və daşınmaz əmlak sahələrinin, 1 milyard 65,1 milyon manat (5,1%) sənaye və istehsal sektorunun, 824,1 milyon manat (3,9%) nəqliyyat və rabitə sahələrinin, 12 milyard 84 milyon manat (57,5%) ev təsərrüfatlarının, qalan məbləğ isə digər sektorların payına düşüb.
2023-cü ilin yanvar-aprel aylarında bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 7,2% artıb (2022-ci ildə artım 31% təşkil edib).**
X.Nəsirzadə