Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin yaradılması öz sərhədlərini qorumaq və müdafiə etmək hüququ kimi Azərbaycanın danılmaz suveren hüququdur. Bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev deyib.
“Sərhəd-keçid məntəqəsinin yaradılmasına gəlincə, bu, hər hansı digər dövlətin öz sərhədlərini qorumaq və müdafiə etmək və sərhəd nəzarətini qurmaq hüququ kimi Azərbaycan Respublikasının danılmaz suveren hüququdur”, - deyə o, mayın 23-də Nyu-Yorkda “Silahlı münaqişələrdə mülki əhalinin müdafiəsi” mövzusuna həsr olunmuş çıxışı zamanı bildirib.
Daimi nümayəndə əlavə edib ki, BMT Təhlükəsizlik Şurası dəfələrlə təsdiqləyib ki, ölkələrin sərhədlərinin təhlükəsizliyi üzv dövlətlərin suveren səlahiyyətidir.
Y.Əliyev qeyd edib ki, Azərbaycan heç vaxt sakinlərin yolda (Laçın - İF) sərbəst hərəkətinə, eləcə də, ərzaq, dərman və digər humanitar məqsədlər üçün istifadəsinə və Beynəlxalq Qızıl Xaç Komitəsinin çıxışına əngəl yaratmayıb. Ermənistanın bu kimi yalanlarını ifşa edən çoxsaylı sənədləşdirilmiş sübutlar da təsdiqləyir.
Xəbər verildiyi kimi, Azərbaycan 2023-cü il aprelin 23-də Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.*
R.Kərimov