İşğaldan azad edilmiş ərazilərdə mühəndis-istehkam bölmələri tərəfindən 30 min hektardan artıq ərazi minalardan təmizlənib. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Azad edilmiş ərazilərimizdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində cari ilin may ayı ərzində 600 hektaradək ərazi minalardan tam təmizlənib. İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 30420 hektaradək ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib”, - deyə məlumatda bildirilir.
Ümumilikdə 10206 ədəd piyada əleyhinə, 2580 ədəd tank əleyhinə mina və 10446 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.
Bundan başqa, Azərbaycan Ordusunun mühəndis bölmələrinin digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində təxliyə yollarının daim işlək vəziyyətdə saxlanılması, avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə 2023-cü ilin may ayı ərzində ümumilikdə 830 km yol qar örtüyündən təmizlənib.
“Mina təmizlənmə işlərində əsas səylər azad edilmiş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib”, - deyə nazirlikdən bildirilib.*
X.Nəsirzadə