Azərbaycanın bir çox iri dövlət müəssisələri 2022-ci ildə dövlət büdcəsinə vergi ödənişlərini artırıb. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu barədə Hesablama Palatasının 2022-ci il dövlət büdcəsinin icrasına dair rəyində deyilir.
Dövlət mülkiyyətində olan şirkətlər ötən il dövlət büdcəsinə 4 milyard 405,44 milyon manat vergi ödəyib ki, bu da 2021-ci illə müqayisədə 53,3% çoxdur.
Bir çox iri dövlət müəssisələri dövlət büdcəsinə vergi ödənişlərini artırıb. Dövlət Neft Şirkəti (tabeliyindəki müəssisələr üzrə) 2 milyard 214 milyon 177 min manat (+69,3%), “Azərenerji” ASC 49 milyon 835,2 min manat (+49,2%), “Azərbaycan Dəmir Yolları” QSC 60,44 milyon manat (+3,8 dəfə), “Xəzər Dəniz Gəmiçiliyi” QSC 50 milyon 394,9 min manat (+2,1 dəfə), “Azərsu” ASC 50 milyon 55,2 min manat (+15,4%), “Azərişıq” ASC 58 milyon 648,4 min manat (+15,8%), “Bakı Metropoliteni” QSC 7 milyon 374,8 min manat (+41,6%), “Azərkosmos” isə 3 milyon 659,9 min manat vergi (+2,9%) ödəyib.
Eyni zamanda, 2022-ci ildə bir sıra iri dövlət müəssisələri dövlət büdcəsinə vergi ödənişlərini azaldıb: Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (tabeliyindəki qurumlar üzrə) - 75 milyon 772,1 min manat (-0,8%), AZAL – 9 milyon 717,7 min manat (-45,7%), “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC - 4 milyon 349,9 min manat (-3,5%).
Hesablama Palatasının qiymətləndirmələrinə görə, 2022-ci ildə dövlət sektoru üzrə büdcəyə olan borclar 2,6% azalaraq 254,2 milyon manat, artıq ödəmə məbləğləri isə 18,3% artaraq 491 milyon manat təşkil edib.*
A.Əzizov