2023-cü ilin yanvar-mart aylarında Azərbaycana bəyannamələrə əsasən 939 milyon 202,43 min kubmetr qaz idxal edilib ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 14,2 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Söhbət Dövlət Gömrük Komitəsi tərəfindən rəsmiləşdirilmiş həcmlərdən gedir.
Bu dövrdə Azərbaycan idxal olunan qazın dəyəri $161 milyon 300,99 min (artım 64,3 dəfə) təşkil edib.
Azərbaycana qaz idxalının strukturunda $132 milyon 332,78 min dəyərində 741 milyon 787,92 min kubmetr qazın əsas həcmi (79%) RF-nin payına düşüb.
Türkmənistandan $28 milyon 968,21 min dəyərində 197 milyon 414,51 min kubmetr qaz idxal olunub.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycana $130 milyon 634,12 min (artım 6,7 dəfə) dəyərində 1 milyard 16 milyon 423,6 min kubmetr qaz (artım 2 dəfə) idxal edilib. Hesabat dövründə Azərbaycana qaz idxalının strukturunda $110 milyon 871,38 min dəyərində 857 milyon 66,65 min kubmetr qaz (84,3%) Türkmənistanın payına düşüb. Rusiyadan $17 milyon 254,17 min dəyərində 93 milyon 265,8 min kubmetr, İrandan isə $2 milyon 508,56 min dəyərində 66 milyon 91,19 min kubmetr qaz idxal olunub.
2021-ci ilin noyabr ayında Azərbaycan, İran və Türkmənistan arasında qarşılıqlı qaz tədarükü (swap) haqqında üçtərəfli saziş imzalanıb. Sazişə əsasən, Türkmənistan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetr qaz tədarük edəcək. 2022-ci ilin yanvar ayında gündəlik 5-6 milyon kubmetr həcm ilə qazın Azərbaycana nəqlinə başlanıb. Mart ayına qədər gündəlik qaz nəqlinin həcmi 7 milyon kubmetrədək artıb.
2022-ci ilin iyun ayında İran və Azərbaycan Türkmənistandan Azərbaycana İranın boru kəməri vasitəsilə illik qaz tədarükünü iki dəfə artırmağa dair razılığa gəlib. **
N.Abbasova