Azərbaycan prezidenti Ilham Əliyev Azərbaycan-Rusiya münasibətlərinin keyfiyyətcə yeni səviyyədə inkişafında Heydər Əliyev və Vladimir Putinin rolunu qeyd edib.
“Heydər Əliyevin xatirəsinə göstərilən yüksək hörmətə görə təşəkkür etmək istərdim. Biz bunu yüksək dəyərləndiririk, Azərbaycanda bütün bunları çox yaxşı bilirlər. Sizin qeyd etdiyiniz kimi, yubiley tədbirləri həm Moskvada, həm dövlət hakimiyyət təsisatlarında, həm də regionlarda keçirilib. Onu deməliyəm ki, Heydər Əliyev və Siz, Vladimir Vladimiroviç, Rusiya ilə Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəsinin əsasını qoymusunuz. Məhz Sizin 2001-ci ildə Azərbaycana səfərinizdən sonra münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəldi”, - Əliyev cümə axşamı RF prezidenti Vladimir Putin ilə ikitərəfli görüşdə deyib.
Həmçinin, Əliyev vurğulayıb ki, 2022-ci ildə Azərbaycan və RF liderləri arasında imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə vacib siyasi sənəddir.
“Biz bu gün artıq bu münasibətləri müttəfiqlik qismində təkcə de-fakto deyil, həm də de-yure səciyyələndiririk. Siz qeyd etdiyiniz kimi, ötən ilin əvvəlində biz Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzaladıq və icra edirik. Bu, bizim münasibətlərimizin ruhunu və xarakterini, ölkələrimizin daha sıx qarşılıqlı əlaqələrə səylərini əks etdirən mühüm siyasi sənəddir", - Əliyev vurğulayıb.
Həmçinin, Azərbaycan lideri qeyd edib ki, görüş zamanı tərəflər geniş ikitərəfli gündəliyi ətraflı müzakirə edəcəklər.
«İkitərəfli gündəliyə gəlincə, o, kifayət qədər genişdir. Onu ətraflı nəzərdən keçirəcəyik», - Əliyev əlavə edib. **
X.Nəsirzadə