“PwC” beynəlxalq auditor şirkəti Qarabağ Dirçəliş Fondunun 2022-ci il üzrə maliyyə hesabatlarının kənar auditini həyata keçirəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az portalına istinadən xəbər verir ki, şirkətlə 17,5 min manat məbləğində müqavilə bağlanıb.
“PwC Azərbaycan” şirkətinin 2021-ci ildə həyata keçirdiyi auditə əsasən, qeyd olunan dövrdə fondun gəlirləri 901,4 milyon manat təşkil edib. 2021-ci ildə Qarabağ Dirçəliş Fonduna 892,2 milyon manat ianə olunub.
Prezident İlham Əliyev 2021-ci il yanvarın 4-də “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında” fərman imzalayıb.
Nizamnamə kapitalı 1 milyon manat olan Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.*
R.Əhmədov