2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanın dəniz limanlarında yükləmə-boşaltma işlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,9% - 3 milyon 757,6 min tona qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yüklərin ümumi həcmində 3 milyon 66,6 min ton və ya 81,6% beynəlxalq tranzit yüklərin, 18,4% yerli yüklərin payına düşüb. Tranzit yüklərin həcmi 2022-ci ilin yanvar-aprel aylarının göstəricisi ilə müqayisədə 7,5% azalıb.
2023-cü il mayın 1-nə Azərbaycanın limanlarında 124,1 min ton yük qalıb.
2022-ci ildə dəniz limanlarında 11 milyon 750,6 min ton həcmində yükləmə-boşaltma işləri (artım 32,4%) həyata keçirilib.
Azərbaycanın bütün limanları (Bakı, Astara, Lənkəran və Sumqayıt) Xəzər dənizinin sahilində yerləşir. Liman Dübəndi və Səngəçalda iri neft terminallarına malikdir. Bundan başqa, 2014-cü ildə Ələt qəsəbəsində tikilən yeni Bakı Beynəlxalq Dəniz Limanı ərazisində bərə terminalı, 2018-ci ilin yanvar ayında isə Ro-Ro terminalı istifadəyə verilib.*
N.Abbasova