Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin Moskva görüşündə sülh müqaviləsinin imzalanmasına hazırlığı yekunlaşdırmaq vəzifəsi yoxdur, lakin dəyişmiş şərait yaxın gələcəkdə bu məqsədə nail olmağa imkan verir. Bunu bu gün jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Hər şeyi sona qədər yekunlaşdırmaq vəzifəsi yoxdur, çünki əsas yekun nəticədir, burada heç kim vaxt dalınca qaçmır”, - deyə Peskov bildirib.
O qeyd edib ki, Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri gələn həftənin sonunda Moskvada görüşəcəklər.
Peskovun sözlərinə görə, “çətin ki, indi kimsə sülh müqaviləsinin imzalanmasının dəqiq tarixini proqnozlaşdıra bilsin”.
“Baxmayaraq ki, dünən görüşdə deyildiyi kimi, indi şərait bir çox aspektlərdə, əslində isə konseptual olaraq dəyişib, bu dəyişmiş şərait artıq yaxın gələcəkdə sülh müqaviləsinin imzalanmasına imkan verir”, - deyə Kreml sözçüsü qeyd edib.*