2022-ci ildə “Azercell Telecom” MMC-nin xalis mənfəəti 128,839 milyon manat ($75,8 milyon) təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 6,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Azercell”in maliyyə hesabatına əsasən, ötən il şirkətin gəlirləri 531,822 milyon manat (artım 8,1%), xərcləri 362,528 milyon manat (artım 5,5%) məbləğində olub.
2022-ci ilin yekunları üzrə “Azercell”in əməliyyat mənfəəti 169,294 milyon manat (artım 14,1%) təşkil edib.
Vergi ödənilənədək mənfəət 171,406 milyon manat (artım 15,6%) təşkil edib. 2022-ci ildə şirkət 42,567 milyon manat məbləğində mənfəət vergisi (artım 56,9%) ödəyib, xalis mənfəət 128,839 milyon manat təşkil edib.
2022-ci ildə “Azercell”in aktivləri 12,1% - 1 milyard 20,182 milyon manatadək, uzunmüddətli aktivləri 23,9% - 692,129 milyon manatadək artıb, qısamüddətli aktivləri 6,7% - 328,053 milyon manatadək azalıb.
Şirkətin öhdəlikləri 3,3% - 187,385 milyon manata qədər azalıb.
Hesabat ilində “Azercell”in kapitalı 16,3% - 832,797 milyon manata qədər artıb. 2023-cü ilin əvvəlinə bölüşdürülməmiş mənfəət 790,317 milyon manat (artım 17,3%) təşkil edir.
Ötən il cəmiyyətin nizamnamə kapitalı 42,08 milyon manat məbləğində qalıb.
“Azercell Telecom” MMC 1996-cı il yanvarın 19-da təsis edilib. 5 milyondan artıq abunəçi və 48,2% bazar payının sahibi kimi şirkətin ölkə üzrə coğrafi əhatə dairəsi 94,6%, əhali əhatəsi isə 98,4% təşkil edir.
Hazırda “Azercell”in 100%-lik səhmdarı “Azertel Telekomunikasyon ve Yatırım Dıs Ticaret A.S,” Azərbaycan-Türkiyə şirkətidir. Şirkətin səhmlərinin 51,3%-i “AzInTelecom” dövlət şirkətinə məxsusdur.*
N.Abbasova