Ukraynanın Prezidenti Volodimir Zelenski Kiyev və Bakı arasında strateji tərəfdaşlığın maksimum dərəcədə həyata keçiriləcəyinə əminlik ifadə edib.
“Əminəm ki, biz Kiyev və Bakı arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə strateji tərəfdaşlığın mövcud potensialını birgə səylərlə maksimum dərəcədə həyata keçirə bilərik”, - deyə Zelenski Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirib.
Təbrik məktubu bu gün Azərbaycan liderinin saytında dərc olunub.
Ukrayna Prezidenti qeyd edib ki, ölkələrimiz arasında münasibətlər dərin tarixi köklərə malikdir və qarşılıqlı etimada, hörmətə, səmərəli əməkdaşlığa əsaslanır.
O, Azərbaycanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsinə dair ardıcıl mövqeyinə görə minnətdarlığını bildirib və Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi üzrə Ukraynanın dəyişməz mövqeyini bir daha təsdiq edib.*
R.Kərimov