“Günay Bank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi 19 iyun tarixindən başlayaraq həyata keçiriləcək. Bu barədə Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.
Xəbər verildiyi kimi, Mərkəzi Bankın (AMB) İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Günay Bank” ASC-nin lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.
Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilib.
AMB-nin məlumatına görə, 2023-cü ilin I rübünün sonuna bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 milyon manat təşkil edir. Bankın əmanətçilərinin 99,9%-nin əmanətləri kompensasiya olunacaq.
“Günay Bank” ASC 1992-ci ildə fəaliyyət üçün lisenziya alıb. Bankın səhmdarları 3 fiziki şəxsdir.*
R.Əhmədov