Prezident İlham Əliyev bəyan edib ki, birinci mərhələdə Laçın şəhərinə 4 minə yaxın insan qayıdacaq.
“İlk 20 ailə artıq dünəndən Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaqdır”, - deyə dövlət başçısı mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə bildirib.
Onun sözlərinə görə, 7-8 ay ərzində şəhərdə 700 bina inşa edilib.
“Onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Amma bu, hələ tam proqramımız deyil. Laçın şəhərinin Baş planı hazırlanıb və bu gün təqdim ediləcək. Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı bizim çox dəqiq təsəvvürümüz var və beləliklə, hesab edirəm ki, ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Əliyev əlavə edib ki, bu ilin sentyabr ayına qədər Zabux kəndi də tamamilə inşa edilib zabuxluların sərəncamına veriləcək.*
V.Əliyev