Əgər Ermənistan yenə də öz mövqeyini dəyişməsə, yaxın gələcəkdə sülh müqaviləsi imzalana bilər. Prezident İlham Əliyev buna əminliyini ifadə edib.
“Artıq Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Yaxın gələcəkdə, - əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər”, - deyə dövlət başçısı mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə bildirib.
Onun sözlərinə görə, sülh müqaviləsi imzalansa, çox yaxşı, imzalanmasa da, hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. “Çünki güclü tərəf bizik, danışıqlar masasında güclü mövqeyə sahib olan bizik, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, biz rahat və təhlükəsizlik şəraitində yaşayacağıq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.*
A.Əzizov