Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonu qəbul edib.
“Baronessa Emma Nikolson Bakı Enerji Həftəsi ilə bağlı Böyük Britaniyanın baş naziri Rişi Sunakın məktubunu dövlət başçısına təqdim etdi. Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi qeyd olundu, energetika, neft-qaz sektorunda əməkdaşlığa toxunuldu”, - dövlət başçısının saytında məlumat verilir.
Bundan başqa, uzun illər Azərbaycan ilə BP arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulandı, bu xüsusda Cənub Qaz Dəhlizinin icrasının önəmi qeyd edildi.
“Görüşdə Baronessa Emma Nikolsonun Bakı Enerji Həftəsində iştirak edəcəyi məmnunluqla vurğulandı. Həmçinin, söhbət zamanı ticarət, kiçik və orta biznes, sosial layihələrin həyata keçirilməsi, humanitar əlaqələr, qadın hüquqlarının qorunması sahəsində təcrübə mübadiləsi və digər məsələlər müzakirə olundu”, - məlumatda deyilir. **
N.Abbasova