Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ilin ikinci yarısında pul-kredit siyasətinin sərtləşdirilməsində fasilə verə bilər. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi məlumata görə, “Qazprombank”ın analitikləri belə hesab edirlər.
“Biz iyunda keçiriləcək iclasda uçot dərəcəsinin növbəti dəfə 25 baza bəndi artırılaraq 9,25%-ə çatdırılacağını gözləyirik, daha sonra 2023-cü ilin II yarısında AMB monetar şəraitin sərtləşdirilməsində fasilə verə bilər. Bizim fikrimizcə, azalma tsikli ən tez 2024-cü ilin birinci rübündə yenilənə bilər”, - deyə “Qazprombank”ın Azərbaycan iqtisadiyyatı ilə bağlı icmalında qeyd olunur.
Xəbər verildiyi kimi, AMB 2022-2023-cü illərdə ardıcıl beş dəfə uçot dərəcəsini 25 faiz bəndi artırıb. Uçot dərəcəsi sonuncu dəfə mayın 4-dən etibarən 9%-ə çatdırılıb.
“Qazprombank”da hesab edirlər ki, Azərbaycanda inflyasiyanın ən yüksək həddi arxada qalıb və ilin sonuna kimi onun zəifləyəcəyi gözlənilir.
Bankdan qeyd ediblər ki, Mərkəzi Bank pul-kredit siyasəti alətlərini təkmilləşdirir. “Bu, monetar siyasətin transmissiya mexanizmlərinin effektivliyini artırmağa imkan verir. Mərkəzi Bank pul bazarını və monetar alətləri inkişaf etdirir. Monetar siyasət alətlərinin təkmilləşdirilməsinin ilk nəticələri artıq özünü göstərib, ancaq bu istiqamətdə işlərin daha da gücləndirilməsi planlaşdırılır. Hesab edirik ki, bu, yerli borc bazarının inkişafı üçün də əlavə şərait yaradacaq”, - deyə icmalda qeyd olunur.*
A.Əzizov