Azərbaycan 2023-cü ilin yanvar-mart aylarında dünya bazarlarına 427,37 kq qızıl ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə ixrac olunmuş qızılın dəyəri $25 milyon 690,38 min (azalma 16,7%) təşkil edib.
Hesabat dövründə Azərbaycandan $532,63 min dəyərində (azalma 18,4%) 750,44 kq gümüş (azalma 9,6%) ixrac edilib.
Qızılın bütün həcmi və $494,63 min dəyərində 712,44 kq gümüş İsveçrəyə, $38 min dəyərində 38 kq gümüş isə BƏƏ-yə ixrac olunub.
2022-ci ildə Azərbaycan dünya bazarlarına $185 milyon 249,68 min dəyərində (azalma 8,5%) 5 min 482,68 kq qızıl (2021-ci illə müqayisədə azalma 9,9%) ixrac edib.
Ötən il $3 milyon 822,39 min dəyərində (artım 73,3%) 5 min 449,41 kq gümüş (artım 82,8%) ixrac edilib.
Hazırda Azərbaycanda qızıl hasilatı iki şirkət tərəfindən həyata keçirilir. Azərbaycan 1997-ci il avqust ayının 21-də 6 yatağın işlənməsini nəzərdə tutan müqavilə imzalayıb. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.
Bundan başqa, Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılan “AzerGold” QSC tərəfindən də qızıl və gümüş hasilatı həyata keçirilir.*
N.Abbasova