Milli Məclisin bu gün keçirilən plenar iclasında “Türk İnvestisiya Fondunun yaradılması haqqında” saziş ratifikasiya edilib.
“İnterfaks-Azərbaycan” agentliyinin daha əvvəl verdiyi xəbərə görə, fondun nizamnamə kapitalı $500 milyon təşkil edəcək.
Fondun kapitalı 5 ölkənin – Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın vəsaiti (hər bir ölkə $100 milyon) hesabına formalaşacaq.
Təşkilatın mənzil qərargahı İstanbulda yerləşəcək. Nizamnamə kapitalı hər birinin nominal dəyəri $50 min olan 10 min ədəd səhmə bölünəcək.
Nizamnamə kapitalı $350 milyon məbləğində ödənilmiş və $150 milyon məbləğində cəlb olunan səhmlərə bölünür.
Hər bir ölkə ödənilmiş səhmlərə görə 4 ödəniş həyata keçirəcək: ilkin ödəniş $5 milyon, qalan ödənişlər müvafiq olaraq $18 milyon, $23 milyon və $24 milyon (hər bir ölkə üçün cəmi $70 milyon) təşkil edəcək.
Cəlb olunan səhmlər çərçivəsində hər bir ölkənin payı $30 milyon təşkil edəcək.
Fond TDT-yə üzv ölkələrin iqtisadi potensialının inkişafına, eləcə də onlar arasında iqtisadi-ticarət əlaqələrinin möhkəmləndirilməsinə və birgə layihələrin həyata keçirilməsinə xidmət edəcək.
Fond prezident, İdarə Heyəti, Direktorlar Şurası və baş direktordan ibarət olacaq.
Xəbər verildiyi kimi, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr 2022-ci ilin noyabr ayında Səmərqənddə keçirilən sammitdə investisiya fondunun yaradılması ilə bağlı razılığa gəlib.*
R.Əhmədov