Energetika naziri Pərviz Şahbazov mayın 30-da Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb.
“Görüşdə iki ölkə arasında Birgə Hökumətlərarası Komissiya çərçivəsində və təmiz enerjiyə keçid sahəsində əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb. “Yaşıl enerji” və enerji səmərəliliyi sahələrində intensiv dialoqun aparılmasının və konkret layihələr üzrə fəaliyyətin aktivləşdirilməsinin vacibliyi vurğulanıb. “Yaşıl enerji”nin maliyyələşməsi üzrə Azərbaycan-Böyük Britaniya əməkdaşlıq perspektivləri nəzərdən keçirilib”, - deyə Energetika Nazirliyinin məlumatında bildirilir.
Sonra P.Şahbazov Azərbaycanda enerji sahəsində iqtisadi imkanlar haqqında məlumatlılığın artırılması məqsədilə Enerji Sənayeləri Şurası ilə birgə keçirilən “Baku connect” adlı tədbirdə iştirak edib.
“Nazir çıxışında ölkəmizdə enerji sahəsində aparılan islahatlar, həyata keçirilən enerji layihələri, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu, “yaşıl enerji”nin istehsalı və ixracı, həmçinin perspektiv əməkdaşlıq istiqamətlərindən bəhs edib. Böyük Britaniya ilə qlobal əhəmiyyətli enerji layihələrində sıx əməkdaşlığın mövcud olduğu, bu illər ərzində Böyük Britaniyadan Azərbaycana 34 milyard ABŞ dolları məbləğində investisiya yatırıldığı, karbohidrogen sektorunda uğurlu əlaqələrin hazırda enerji keçidi və bərpa olunan enerjidən istifadənin inkişafı istiqamətində davam etdirildiyi bildirilib. Bu xüsusda, işğaldan azad olunmuş ərazilərdə bp şirkəti ilə günəş enerjisi layihəsinin icrası diqqətə çatdırılıb”, - deyə məlumatda qeyd olunur.
50-dən çox şirkətin təmsil olunduğu tədbir “Azərbaycanın enerji bazarına baxış və layihə imkanları”, “Azərbaycanda biznes” və “Azərbaycan enerji keçidini necə qəbul edir” adlı üç sessiyada müzakirələrlə davam etdirilib.*
N.Abbasova