Azərbaycan hökuməti 2023-cü ildə Qarabağ və Şərqi Zəngəzurda layihələrin həyata keçirilməsinə əlavə 2 milyard 260 milyon manat ($1 milyard 329,4 milyon) yönəldəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
Xəbər verildiyi kimi, 2023-cü il dövlət büdcəsində bu məqsədlərlə bağlı xərclər 3 milyard manat məbləğində nəzərdə tutulmuşdu.
“Milli Məclisə təqdim olunmuş 2023-cü il dövlət büdcəsinə dəyişikliklər layihəsinə əsasən Azərbaycan Respublikasının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi üçün əlavə 2 milyard 260 milyon manat ayrılacaq. Artımdan sonra bu xərc 5 milyard 260 milyon manat məbləğində (cari məzənnə ilə təxminən $3,1 milyard) olacaq”, - deyə nazirlikdən bildiriblər.
Beləliklə, bu məqsədlər üçün xərclərin əvvəlki məbləğlə müqayisədə 75,3% artırılması planlaşdırılır.*
A.Əzizov