İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun səfəri ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına böyük təkan verəcək. Bunu Prezident İlham Əliyev deyib.
“Əminəm ki, səfər ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına böyük təkan verəcək”, - deyə dövlət başçısı mayın 30-da Bakıda İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla geniş tərkibdə görüşdə bildirib.
Azərbaycan Prezidentinin saytında verilən məlumata görə, Əliyev qeyd edib ki,”biz səfərdən sonra müsbət dinamikanı görəcəyik”. “Çünki mən tamamilə əminəm, böyük potensial mövcuddur, baxmayaraq ki, biz ayrı-ayrı istiqamətlər, ticarət, enerji, təhlükəsizlik sahələri üzrə artıq çoxlu işlər görmüşük. Lakin hələ çoxlu işlər görülməlidir”, - deyə o hesab edir.
Əliyev Hersoqun Azərbaycana səfərini tarixi səfər adlandırıb və əlavə edib ki, israilli həmkarı ilə ikitərəfli gündəlik və regional məsələlərlə bağlı müzakirə aparıb.
Öz növbəsində, Hersoq bildirib ki, “İsraillə Azərbaycan arasında tərəfdaşlıq bizim müzakirə etdiyimiz bir çox sahələrin də təməl nöqtəsidir”.
“Düşünürəm ki, bu, bir çox səviyyələrdə xalqlarımıza mesaj göndərir. İlk növbədə, hesab edirəm ki, bu, elə bir mesaj göndərir ki, yəhudilər və müsəlmanlar birlikdə sülhə doğru addımlasalar, birgə açıq dialoq aparsalar, birlikdə dünyanın xeyrinə çalışsalar, birlikdə möhtəşəm işlər görə bilərlər. İkincisi, bu, strateji münasibətdir, çünki biz sülh, rifah və inkişaf istiqamətlərində bütün regiona öz təsirimizi göstəririk”, - deyə İsrail Prezidenti vurğulayıb.
O, həmçinin Əliyevi İsraildə qəbul etməyi səbirsizliklə gözlədiyini deyib.*
R.Kərimov