Azərbaycan hökuməti 2023-cü ildə xüsusi müdafiə təyinatlı layihələr və tədbirlərin maliyyələşdirilməsinə dövlət büdcəsindən əlavə 1 milyard manat (cari məzənnə ilə $588,2 milyon) yönəltməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
“2023-cü il dövlət büdcəsində bu məqsədlər üzrə xərclər 2 milyard 70 milyon manat məbləğində nəzərdə tutulmuşdu. Lakin müdafiə qabiliyyətinin artırılmasının zəruriliyi nəzərə alınaraq, Milli Məclisə təqdim olunmuş 2023-cü il dövlət büdcəsinə dəyişikliklər layihəsində xüsusi müdafiə təyinatlı layihələr və tədbirlərin maliyyələşdirilməsi üçün əlavə 1 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub. Beləliklə, cari ildə bu məqsədlər üzrə xərclər 3 milyard 70 milyon manat (cari məzənnə ilə $1 milyard 805,9 milyon) təşkil edəcək”, - deyə nazirlikdən bildiriblər.
Dəyişikliklərə əsasən, dövlət büdcəsində “müdafiə və milli təhlükəsizlik” maddəsi üzrə xərclərin 1 milyard 105 milyon manat və ya $650 milyon (bunun 1 milyard manatı xüsusi müdafiə təyinatlı layihələrə yönəldiləcək) artırılaraq 6 milyard 54,8 milyon manata (cari məzənnə ilə $3 milyard 561,4 milyon) çatdırılması nəzərdə tutulur.*
A.Əzizov