Rəsmi Bakı və Təl-Əviv üçüncü ölkələrdə layihələrə investisiya qoymaqda maraqlıdır. Bunu Prezident İlham Əliyev deyib.
“Bu gün müzakirələr zamanı biz, həmçinin enerji sahəsində əməkdaşlığın necə genişləndirilməsi məsələsini də müzakirə etdik. Çünki biz investisiya layihələri, interkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar görürük”, - deyə dövlət başçısı mayın 30-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatla çıxışı zamanı bildirib.
O qeyd edib ki, Azərbaycan, həmçinin irriqasiya və kənd təsərrüfatı sahəsində İsrailin təcrübəsindən istifadə etmək niyyətindədir.
“İsrailin bu sahədə böyük nailiyyətlərindən bizim xəbərimiz var və biz kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün bu müsbət təcrübədən istifadə etmək və ixrac bazarımızı şaxələndirmək istəyirik”, - deyə Əliyev vurğulayıb.
“Bəzi iqtisadi rəqəmlərə nəzər salarkən gördüm ki, ticarət dövriyyəmiz 1,7 milyard ABŞ dollarından çoxdur, bu da böyük məbləğdir. Lakin hesab edirəm ki, növbəti illərdə biz ticarət dövriyyəsini şaxələndirməyə çalışmalıyıq və ümid edirəm ki, həyata keçiriləcəyini planlaşdırdığımız birgə layihələr nəticəsində bizim daha balanslaşdırılmış ticarət dövriyyəmiz olacaq və o, təkcə enerji amilindən asılı olmayacaq. Buna baxmayaraq, uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da əslində enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir”, - deyə o bildirib.
Azərbaycan Prezidenti qeyd edib ki, Azərbaycan və İsrail son illərdə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirib. “Əlbəttə ki, bu sahədə İsrail şirkətlərinin böyük təcrübəsi bizim üçün faydalı olacaq. Həmçinin gənc nəslin təlimi və tədrisi də məqsədlərimizə nail olmaq və özümüzü təhlükədən qorumaq üçün mühüm amil olacaq”, - deyə dövlət başçısı diqqətə çatdırıb.*
X.Nəsirzadə