Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2023-cü il büdcəsinin profisiti 4 milyard 524,6 milyon manat məbləğində proqnozlaşdırılır.
Xəbər verildiyi kimi, ARDNF-in 2023-cü il büdcəsi 2 milyard 401 milyon 389,3 min manat məbləğində kəsirlə təsdiq edilmişdi.
Maliyyə Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, Azərbaycanın 2023-cü il dövlət büdcəsinin parametrlərinə yenidən baxılması nəzərə alınaraq ARDNF-in cari il üçün gəlir və xərcləri üzrə proqnozlara da yenidən baxılıb.
Neft Fondunun büdcəsinin gəlirləri 81,7% artırılaraq 16 milyard 337,5 milyon manat, xərcləri isə 11 milyard 812,9 milyon manat (+4%) məbləğində nəzərdə tutulur.
ARDNF-in 2023-cü il büdcəsinin gəlirləri neftin bir barelinin orta qiyməti $60 (əvvəlki proqnoz $50) götürülməklə hesablanıb.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
R.Əhmədov