Avropa İttifaqı (Aİ) son bir ay ərzində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin intensivləşməsini alqışlayır və tərəfləri sülh prosesini təhlükə altına qoya biləcək addımlardan çəkinməyə çağırır. Bunu Avropa Xarici Siyasət Xidmətinin (ЕВС) rəsmi nümayəndəsi deyib.
“Aİ bu tarixi dinamikanı qoruyub saxlamağı və sülh prosesini təhlükə altına qoya biləcək addımlardan, o cümlədən düşmənçilik ritorikasından uzaq durmağı vacib hesab edir”, - deyə ЕВС-nin nümayəndəsinin bəyanatında bildirilir.
Bəyanatda qeyd olunur ki, Azərbaycan və Ermənistan liderləri 1991-ci il Almatı Bəyannaməsinə və Azərbaycanın (86.6 min km2) və Ermənistanın (29.8 min km2) ərazi bütövlüyünə qeyd-şərtsiz sadiqliklərini təsdiq ediblər.
“Biz Ermənistan baş naziri Nikol Paşinyanın bu məsələ ilə bağlı 22 may tarixli cəsarətli bəyanatını və Ermənistanın ikitərəfli sərhədin delimitasiyası üzərində işləməyə açıq şəkildə hazır olmasını alqışlayırıq. Biz, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin 25 may tarixli bəyanatını alqışlayırıq”, - deyə ЕВС-nin nümayəndəsi bildirib.
Aİ-də hesab edirlər ki, bu həssas məsələlər üzərində iş davam etdiyinə görə etimadın möhkəmləndirilməsi üçün addımlar atmaq, hərtərəfli normallaşmaya aid bütün məsələlərdə həllə nail olmaq üçün vicdanla hərəkət etmək lazımdır.
“Münaqişənin mürəkkəb tarixinə baxmayaraq, bütün məsələlər yalnız sülh yolu ilə, dialoq yolu ilə həll edilməlidir”, - deyə bəyanatda vurğulanır.*
R.Kərimov