Azərbaycan 2023-cü ilin yanvar-mart aylarında Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 2 milyard 620,39 milyon kubmetr qaz ixrac edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 13,7% çoxdur. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatında deyilir.
2023-cü ilin mart ayında Azərbaycandan Türkiyəyə 922,81 milyon kubmetr qaz ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,17% çoxdur. Bu dövrdə Türkiyəyə qaz ixracının ümumi həcminin 20,25%-i Azərbaycanın payına düşüb.
Azərbaycan martda Türkiyəyə qaz ixracının həcminə görə ikinci pillədə qərarlaşıb. Birinci pillədə 31,33%-lə Rusiya, üçüncü pillədə 20,11%-lə İran, dördüncü pillədə 11,45%-lə Əlcəzair yer alıb.
Martda Türkiyəyə 4 milyard 557,77 milyon kubmetr qaz (2022-ci ilin mart ayı ilə müqayisədə azalma 26,67%) ixrac edilib. 3 milyard 70,05 milyon kubmetr boru kəməri qazının (bütün ixracın 67,36%-i, azalma 27,68%), 1 milyard 487,73 milyon kubmetr (bütün ixracın 32,64%-i, azalma 24,49%) isə LNG-nin payına düşüb.
Martda Türkiyəyə qaz ixracı 10 ölkədən (Azərbaycan, Rusiya, İran (boru kəmərləri ilə), ABŞ, Əlcəzair, Fransa, Misir, Nigeriya, Norveç, Trinidad və Tobaqo - LPG) həyata keçirilib.
Türkiyəyə “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində hasil olunan Azərbaycan qazı ixrac edilir.
2021-ci ilin III rübündə Azərbaycan və Türkiyə arasında Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəql ediləcək 11 milyard kubmetr təbii qazın alqı-satqısı haqqında yeni müqavilə imzalanıb. Müqavilə 2024-cü ilin sonunadək (2021-ci ilin IV rübü – 2024-cü il) “Mərhələ-1” çərçivəsində ildə 3,5 milyard kubmetr qazın nəqlini nəzərdə tutur. Müqavilə çərçivəsində nəql 2021-ci il oktyabrın 1-dən həyata keçirilir.
Azərbaycan 2022-ci ildə Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 8 milyard 709,98 milyon kubmetr qaz ixrac edib ki, bu da 2021-ci ilin göstəricisindən 1,3% azdır.
2023-cü ildə Türkiyəyə 10,2 milyard kubmetr Azərbaycan qazının ixracı planlaşdırılır.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. Müqavilə üzrə tərəflərin iştirak payı aşağıdakı kimidir: BP (operator – 29,99%), “Cənub Qaz Dəhlizi” QSC (21,02%), LUKOIL (19,99%), NICO (10%), TPAO (19%).*
N.Abbasova