İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Tehranla Bakı arasında əməkdaşlığın genişlənəcəyinə ümid edir.
“Ölkələrimizin çox geniş potensiallarının mövcud olduğunu nəzərə alaraq ümid edirəm ki, xalqlarımızın qarşılıqlı mənafeyinə uyğun şəkildə ikitərəfli əməkdaşlığımızın və münasibətlərimizin daha da genişlənməsinə şahid olacağıq”, - deyə İran liderinin Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrikdə bildirilib.
Təbrik məktubu Azərbaycan Prezidentinin saytında dərc olunub.
Rəisi qeyd edib ki, İran İslam Respublikasının qonşuluq siyasətində Azərbaycan Respublikasının özünəməxsus yeri var.
“Ölkələrimizin müsəlman xalqlarının birgə tarixi və onların arasında mövcud olan qırılmaz dini və mədəni bağlar iki ölkənin münasibətlərinin inkişafı üçün çox dəyərli bir sərmayə hesab olunur. Bu çərçivədə İran İslam Respublikası hər zaman Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü tam şəkildə dəstəkləmişdir”, - deyə o vurğulayıb.*
Xəbərlər şöbəsi