BP şirkəti 2023-cü ilin sonunadək Xəzərin Azərbaycan sektorunda “Şahdəniz” yatağında “SDX-8” yeni kəşfiyyat quyusunun qazılmasını başa çatdırmağı planlaşdırır.
“Bu proqram 12 ay müddətinə nəzərdə tutulub. Quyu qazma prosesi Şahdəniz yatağının öncə işlənməyən cinahından aparılır. Geoloji və texnoloji xüsusiyyətlər nəzərə alınaraq, bu proses kifayət qədərə zaman aparacaq və cari ilin sonundan əvvəl bitməyəcək”, - BP-nin Xəzər və Yaxın Şərq regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çərşənbə günü jurnalistlərə deyib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, “SDX-8” quyusu “Heydər Əliyev” adına yarımdalma qazma qurğusu vasitəsilə qazılır. Quyunun ümumi dərinliyinin təxminən 7 min metrə yaxın olacağı nəzərdə tutulur”.
Uğurlu olacağı təqdirdə, "SDX-8" quyusu şərq cinahda hazırda istismarda olan məhsuldar layların altındakı daha dərin horizontların qazma xüsusiyyətləri, hasilat imkanları və qaz ehtiyatları potensialı haqqında daha aydın təsəvvür yaradacaq.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları bp (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), SOCAR (14,35%), NICO (10%) və “Cənub Qaz Dəhlizi” QSC-dir (6,67%).
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.
2022-ci ildə “Şahdəniz” yatağından 25,2 milyard kubmetr qaz (2021-ci ilin göstəricisindən 11,5% çox) və 4,4 milyon ton kondensat (+4,8%) hasil olunub.
2022-ci ildə “Şahdəniz”dən qaz ixracı 20 milyard 803,7 milyon kubmetr (+18,1%) təşkil edib. **
N.Abbasova