Azərbaycanın 2027-ci ilədək Avropaya nəql ediləcək təbii qazın həcminin 20 milyard kubmetrə qədər artırılması məsələsinə sadiqliyi artıq Avropanın enerji təhlükəsizliyinə töhfə verməkdədir. Böyük Britaniyanın baş naziri Rişi Sunak belə hesab edir.
Sunak Bakı Enerji Həftəsinin işə başlaması ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
“İqlim dəyişikliyi ilə mübarizə və enerji təhlükəsizliyinin gücləndirilməsi kimi iki aktual çağırışın olduğu vaxtda Bakı Enerji Həftəsinin dövlət və özəl sektoru təmsil edən beynəlxalq düşüncə liderlərini bir araya gətirməsi heç vaxt olmadığı qədər önəmlidir. Etibarlı enerji tərəfdaşı olan Azərbaycan qlobal enerji müstəvisində vacib rola malikdir. Azərbaycanın 2027-ci ilədək Avropaya nəql ediləcək təbii qazın həcminin 20 milyard kubmetrə qədər artırılması məsələsinə sadiqliyi artıq Avropanın enerji təhlükəsizliyinə töhfə verməkdədir”, - Sunak qeyd edib.
Böyük Britaniyanın baş naziri vurğulayıb ki, Əliyevin “Azərbaycanın nəhəng bərpaolunan enerji potensialının inkişaf etdirilməsi və yaşıl enerjinin ixracatçısına çevrilməsi istiqamətindəki səylərini alqışlayır”. “Azərbaycandan Avropaya bərpaolunan elektrik enerjisinin nəqlini hədəfləyən Cənub Qaz Dəhlizinin Yaşıl Enerji və Qara dəniz sualtı kabel layihəsi üzrə ilk Məşvərət Şurasının yaradılması xüsusilə ümidvericidir”, - o qeyd edib.
Sunak öz məktubunda bildirib ki, son iki il ərzində Birləşmiş Krallıq xüsusi proqramları vasitəsilə Azərbaycanın enerji keçidini dəstəkləyir. “Bu təşəbbüslər Azərbaycanın daha dayanıqlı enerji gələcəyinin təmin edilməsi ilə yanaşı, iqlim dəyişikliyinin təsirinə qarşı çevikliyini gücləndirəcəkdir. Biz belə təşəbbüslərin bəzilərinin vacib elementlərini özündə əks etdirən yeni nəşri Bakı Enerji Həftəsi çərçivəsində təqdim edəcəyik. Nəşrdə enerji keçidi ilə bağlı müəyyən çağırışların öhdəsindən gəlmək üçün Britaniya şirkətlərinin Azərbaycana hansı köməyi göstərə biləcəyi işıqlandırılacaq”, - britaniyalı baş nazir vurğulayıb.
Xəbər verildiyi kimi, Azərbaycan 31 dekabr 2020-ci ildə Avropaya qaz nəqlinə başlayıb. 2021-ci ildə nəqlin həcmi 8 milyard kubmetri ötüb, 2023-cü ildə təxminən 12 milyard kubmetr təşkil edəcək. 2027-ci ilədək qaz nəqlinin illik həcmi ən azı 20 milyard kubmetrə çatacaq.
Hazırda Azərbaycan qazını Avropada İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya alır. Bundan başqa, 2023-cü ilin sonunadək Azərbaycan qazı Macarıstan və Serbiyaya nəql oluna bilər. **
R.Əhmədov