“AccessBank” 2022-ci ildə Beynəlxalq Maliyyə Hesabat Standartları (BMHS) üzrə aktivlərini 26,9% - 1 milyard 127,604 milyon manatadək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan”a bankdan məlumat verilib.
Bankın dərc olunmuş ötən il ərzində audit olunmuş BMHS üzrə hesabatına əsasən, 31 dekabr 2022-ci il tarixinə kredit portfeli 790,773 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 32,3% - İF) təşkil edib.
2022-ci ilin sonuna bankın öhdəlikləri 1 milyard 23,071 milyon manata (artım 26,4%) bərabərdir.
Bankda depozit portfeli 883,617 milyon manat (artım 24,9%) həcmində qiymətləndirilir.
31 dekabr 2022-ci il tarixinə bankın kapitalı 104,533 milyon manat (artım 31,9%), nizamnamə kapitalı – 258,718 milyon manat (dəyişməyib) təşkil edir.
2022-ci ildə fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 20 milyon 495 min manat təşkil edib, bu da 2021-ci ilin göstəricisindən 4,7 dəfə çoxdur.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və aktivlərinin həcminə görə bankların TOP-10-a daxildir. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır: Asiya İnkişaf Bankı (30,12%), Avropa İnvestisiya Bankı (26,31%), FMO (14,24%).**
X.Nəsirzadə