Avropa İttifaqı (Aİ) Cənub Qaz Dəhlizinin (CQD) genişləndirilməsini alqışlayır və Azərbaycandan əlavə qaz həcmi üçün infrastrukturunu inkişaf etdirir. Bu barədə Avropa Komissiyasının (AK) enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru Kristina Lobillo Borrero bəyan edib.
Borrero çərşənbə günü 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin açılış mərasimində çıxışı zamanı qeyd edib ki,2022-ci ildə Aİ qaz tədarükü mənbələri və marşrutlarının şaxələndirilməsi məqsədilə enerji böhranının aradan qaldırılması üçün bir sıra tədbirlər görüb.
“Həmçinin qaz ticarətimizin 2027-ci ilədək ikiqat artırılması baxımdan Cənub Qaz Dəhlizinin genişləndirilməsini alqışlayırıq”, - deyə Borrero vurğulayıb ki, bu qazın son istifadəçilərinə çata bilməsi üçün Avropa İttifaqının daxilində infrastruktur inkişaf etdirilir.
O cümlədən, AK-nın nümayəndəsi qeyd edib ki, Azərbaycan keçən il Avropaya qaz tədarükünü 2021-ci illə müqayisədə təxminən 40% artırıb.
Xəbər verildiyi kimi, Azərbaycan 31 dekabr 2020-ci ildə Avropaya qaz nəqlinə başlayıb. 2021-ci ildə nəqlin həcmi 8 milyard kubmetri ötüb, 2023-cü ildə təxminən 12 milyard kubmetr təşkil edəcək. 2027-ci ilədək qaz nəqlinin illik həcmi ən azı 20 milyard kubmetrə çatacaq.
Hazırda Azərbaycan qazını Avropada İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya alır. Bundan başqa, 2023-cü ilin sonunadək Azərbaycan qazı Macarıstan və Serbiyaya nəql oluna bilər. **
R.Kərimov