2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı $1,2 milyard təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən məlumat verir.
İxracın strukturunda əsas həcm elektrik enerjisi ($313,7 milyon, artım 9,4 dəfə), meşə fındığı ($47,2 milyon, azalma 1,5%), ilkin formalı polipropilen ($44,2 milyon, artım 16,6%), pambıq mahlıcı ($38,3 milyon, azalma 62,6%), pomidor ($54,2 milyon, azalma 6,9%), karbamid ($30,3 milyon, azalma 55,6%), qızıl ($44,6 milyon, azalma 6,7%), xüsusi kütləsi 0,94-dən çox olan ilkin formalı polietilen ($29,1 milyon, artım 2,7 dəfə) və metanolun ($31 milyon, azalma 38,7%) payına düşüb.
Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Türkiyə ($405,4 milyon, artım 21.5%), Rusiya ($285,2 milyon, artım 48,8%), Gürcüstan ($142,6 milyon, artım 2,3 dəfə), İsveçrə ($49,2 milyon, azalma 3,5%) və Qazaxıstan ($34,5 milyon, artım 2,6 dəfə) daxil olub. Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 33,8%-i Türkiyənin, 23,8%-i Rusiyanın payına düşüb.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2027-ci ilədək qeyri-neft məhsullarının ixrac həcmi $5 milyarda qədər artacaq.**
N.Abbasova