“Qazprombank” 2025-ci ilədək Azərbaycanın qeyri-neft ixracının $5 milyarda qədər artacağını proqnozlaşdırır.
“Ortamüddətli perspektivdə Azərbaycanın qeyri-neft-qaz ixracı artmaqda davam edəcək. Logistika zəncirlərinin yenidən qurulması şəraitində idxalçı ölkələr daha yaxın və ya əlverişli mövqeyə malik olan, o cümlədən Azərbaycan kimi dəniz limanlarına çıxışı olan alternativ təchizatçıları nəzərdən keçirə bilər. Avrasiya logistikasının yenidən qurulması Azərbaycanın yüksək əlavə dəyərə malik gübrə və mal ixrac etməsinə də kömək edəcək”, - deyə Rusiya bankından “İnterfaks-Azərbaycan” agentliyinə bildiriblər.
“Qazprombank”ın analitikləri hesab edirlər ki, ilkin şərtləri nəzərə alaraq “biz qeyri-neft-qaz ixracının ümumi həcmində onun payının ortamüddətli perspektivdə 15%-dək və daha çox artması potensialını görürük”.
Bankın proqnozlarına görə, 2023-cü ilin yekunları üzrə Azərbaycanın qeyri-neft ixracı 2022-ci ildəki $3 milyarda (xüsusi çəki 8%) qarşı $3,7 milyard (xüsusi çəki 10,1%), 2024-cü ildə $5,1 milyard (xüsusi çəki 15,1%) təşkil edəcək.
Xəbər verildiyi kimi, Azərbaycan 2023-cü ilin yanvar-aprel aylarında $1,2 milyard (2022-ci ilin müvafiq dövrü ilə müqayisədə +21,2%) dəyərində qeyri-neft məhsulları ixrac edib.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2027-ci ilədək qeyri-neft ixracının həcmi $5 milyarda qədər artacaq.*
R.Əhmədov