Bolqarıstan “Black Sea Energy” elektrik kabelinin tikintisi layihəsinə qoşulacaq. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bunu energetika nazir Pərviz Şahbazov deyib.
“Bildirmək istəyirəm ki, Bolqarıstan da “Black Sea Energy” layihəsi üzrə sazişə qoşulmağa razılıq verib”, - deyə nazir bu gün Bakı Enerji Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan tərəfindən həyata keçirilən “Black Sea Energy” layihəsi üzrə nazirlərin 4-cü iclası keçiriləcək.
Xəbər verildiyi kimi, 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında” saziş imzalanıb. Saziş Qafqaz regionundan Avropaya enerji körpüsünün inşasını nəzərdə tutur. Söhbət enerji ötürmə gücü 1000 MVt olan 1195 km uzunluğunda elektrik verilişi xəttinin tikintisindən gedir. Kabel Azərbaycanda istehsal edilən elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırılaraq, Macarıstana və Avropanın qalan hissəsinə nəql edilməsi üçün nəzərdə tutulacaq.
Hazırda layihə üzrə işlər 2023-cü ilin sentyabrında başa çatdırılması planlaşdırılan texniki-iqtisadi əsaslandırmanın hazırlanması mərhələsinə keçib. Xətt 3-4 il ərzində çəkiləcək.
Avropa Komissiyası kabelin çəkilməsi üçün 2,3 milyard avro ayırmağı planlaşdırır. Bu, dünyada ən uzun kabel olacaq.*
N.Abbasova