2023-cü ilin aprel ayında İtaliyaya Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə nəql olunan qazın həcmi illik müqayisədə 69% - 860 milyon kubmetrə qədər artıb.
İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, yanvar-aprel aylarında Azərbaycandan 3,311 milyard kubmetr qaz (2022-ci ilin müvafiq dövrü ilə müqayisədə +17,6%) ixrac edilib.
Yanvarda TAP qaz kəməri vasitəsilə İtaliyaya 852 milyon kubmetr, fevralda 701 milyon kubmetr, martda 898 milyon kubmetr qaz ixrac olunub.
TAP qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən təbii qazın Avropaya nəqlini nəzərdə tutur.
Azərbaycan 2022-ci ildə qaz ixracını 18% - 22,3 milyard kubmetrə qədər artırıb. Avropaya 11,4 milyard kubmetr qaz (+39%) ixrac edilib.
Avropa İttifaqının Statistika İdarəsinin (Avrostat) məlumatına görə, 2022-ci ildə Aİ ölkələri – İtaliya, Yunanıstan və Bolqarıstan Azərbaycandan 15,599 milyard avro dəyərində (il ərzində artım 4 dəfə) təbii qaz idxal edib.
İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinin məlumatına görə, 2022-ci ildə TAP vasitəsilə İtaliyaya 10,325 milyard kubmetr qaz (2021-ci illə müqayisədə +43,1%) tədarük olunub. Avrostatın məlumatına görə, hesabat dövründə İtaliya Azərbaycandan 13,253 milyard avro dəyərində (il ərzində artım 3,9 dəfə) təbii qaz idxal edib.
2023-cü ildə Azərbaycandan təbii qazın ixracı 24,5 milyard kubmetr həcmində planlaşdırılır, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.*
R.Kərimov