“Masdar” şirkəti (BƏƏ) 2023-cü ilin payızında Azərbaycanda 230 meqavatlıq “Qaradağ” günəş elektrik stansiyasını (GES) istifadəyə verəcək. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
“Qaradağ” GES-in tikintisi məsələsi energetika naziri Pərviz Şahbazov ilə “Masdar” şirkətinin İdarə Heyətinin üzvü Musabbeh Al Kaabinin görüşündə müzakirə olunub.
“Bundan başqa, görüşdə ümumi gücü 4 QVt olan digər layihələrin icrası ilə bağlı da əhəmiyyətli irəliləyişlər olduğu diqqətə çatdırılıb”, - deyə məlumatda bildirilir.
“Qaradağ” GES-in tikintisinə 2022-ci ildə başlanılıb. Layihənin dəyəri $250 milyon təşkil edir və bu məbləğ “Masdar” şirkəti tərəfindən təmin olunacaq.
Layihənin həyata keçirilməsi 110 min mənzili elektrik enerjisi ilə təmin etməyə, ildə 110 milyon kubmetr qaza qənaət etməyə və 265 min ton karbon qazı emissiyasının qarşısını almağa imkan verəcək. Bu layihə Azərbaycana istilik enerjisinin istehsalından asılılığı azaltmağa, bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi ilə bağlı hədəflərə çatmağa kömək edəcək.
Layihənin həyata keçirilməsi nəticəsində Azərbaycanın enerji sistemində bərpa olunan enerjinin müəyyən edilmiş gücünün xüsusi çəkisi 16,5%-dən 21,2%-ə çatacaq.*
R.Əhmədov