Bir neçə həftə ərzində Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağından ilk qaz çıxarılacaq. Bunu “TotalEnergies” şirkətinin Avropa üzrə birinci vitse-prezidenti Jan-Lyuk Qizyu deyib.
“Azərbaycan enerji resurslarının Avropaya etibarlı təchizatçısıdır. Biz “TotalEnergies” olaraq bundan və bu işə töhfə verməkdən qürur duyuruq. Bir neçə həftədən sonra “Abşeron” yatağından ilk qaz hasilatına başlanılacaq, bu, SOCAR-la əməkdaşlığımız nöqteyi-nəzərindən böyük önəm kəsb edir”, - deyə o, bu gün Bakı Enerji Forumunda çıxışı zamanıbildirib.
“Abşeron” yatağının işlənməsi ilə “SOCAR Absheron” (50%) və “TOTAL E&P Absheron” (50%) tərəfindən təsis edilmiş “Joint Absheron Petroleum Operating Company” (JOCAP) məşğul olur. Müqavilə 30 il müddətinə imzalanıb. Müqavilə sahəsi 747 kv. km təşkil edir.
“Abşeron” bloku Bakıdan 100 km məsafədə, dənizin 500 metr dərinliyində yerləşir. 2019-cu ildə SOCAR və “Total” “Abşeron” yatağında 7411 metr dərinlikdə ABD-001 hasilat və qiymətləndirmə quyusunda qazma işlərini başa çatdırıb. Yataq 350-360 milyard kubmetr qaz və 100 milyon ton kondensat ehtiyatına malikdir. Yataq mərhələli şəkildə işlənəcək.
Birinci mərhələdə ildə 1,5 milyard kubmetr qaz hasil olunacaq. Layihə çərçivəsində hasilatın pik həddi ildə 5 milyard kubmetrə qədər təşkil edə bilər. Birinci mərhələ çərçivəsində hasil olunan qazın tam həcmi daxili bazara yönəldiləcək. Yataqda, həmçinin gündəlik 10 min barelə yaxın kondensat hasil olunacaq.*
N.Abbasova