Son 3 il ərzində Macarıstanın “MOL” şirkətinin Azərbaycana sərmayələri $2 milyard təşkil edib. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bunu “MOL Group”un icraçı vitse-prezidenti Jombor Marton deyib.
“Son 3 il ərzində “MOL”un Azərbaycana sərmayələri əsasən neft-qaz sektoruna $2 milyard təşkil edib. “Azəri-Çıraq-Günəşli” layihəsi bizim üçün çeviklik və sabitlik, qanunvericiliyin və əməkdaşlığın sabitliyidir. (…) Biz mövcud layihələr (AÇG və Bakı-Tbilisi-Ceyhan - İF), eləcə də digər layihələr çərçivəsində SOCAR-la əməkdaşlığı genişləndirməkdə maraqlıyıq. Biz uzunmüddətli əməkdaşlığa ümid edirik”, - deyə Marton bu gün Bakı Enerji Forumunda çıxışı zamanı bildirib.
O, həmçinin deyib ki, AÇG layihəsi çərçivəsində Azərbaycanla əməkdaşlıq “MOL”un Mərkəzi Avropadakı neft emalı zavodları üçün xammal axtarışında şirkətə çevik siyasət yürütməyə imkan verib.
“Bizim emal zavodlarımız bu gün hansı nefti emal edəcəyini, o cümlədən yüksək keyfiyyətli Azərbaycan neftini seçə bilər. Slovakiyadakı neft emalı zavodumuz emal üçün xammal kimi Rusiya neftindən istifadə edirdi. İndi biz bu müəssisə və Mərkəzi Avropada ümumi gücü 14 milyon ton olan digər emal zavodlarımız üçün Azərbaycandan neft idxal edirik. Bu, bizim Slovakiyadaki neft emalı zavodumuza bir təchizatçıdan asılılığı azaltmağa imkan verdi”, - deyə icraçı vitse-prezident qeyd edib.
Marton əlavə edib ki, “MOL” un dekarbonizasiya sahəsində bir neçə təşəbbüsü var.
Onun sözlərinə görə, “MOL” enerji səmərəliliyi, məişət tullantılarının emalı, təkrar emal sahəsində zəngin təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.
Hazırda AÇG və Bakı-Tbilisi-Ceyhan layihələrində “MOL” şirkətinin payı müvafiq olaraq 9,57% və 8,9% təşkil edir.*
N.Abbasova