2023-cü ildə “Şahdəniz” yatağından qaz hasilatı 26 milyard kubmetrə çatacaq. Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib.
Xəbər verildiyi kimi, 2022-ci ildə “Şahdəniz” yatağından 25,2 milyard kubmetr qaz hasil edilib. Beləliklə, 2023-cü ildə hasilat 3,2% artacaq.
“Hazırda “Şahdəniz” yatağından gündəlik 73 milyon kubmetr qaz hasil edilir və hasilatın tədricən artırılması davam edir. Bu il “Şahdəniz” yatağından hasilatı ən yüksək sabit səviyyəyə - 26 milyard kubmetrə çatdırmağı planlaşdırırıq. Bu, regional və Avropa bazarları üçün enerji təchizatının təhlükəsizliyinə və diversifikasiyasına əlavə töhfə verəcək”, - deyə o, bu gün Bakı Enerji Forumunda çıxışı zamanı bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, Counz əlavə edib ki, BP yeni qaz mənbələri axtarır.
Onun sözlərinə görə, bu ilin əvvəlində şirkət “Şahdəniz” yatağında istismarda olan məhsuldar layların altında daha çox qaz tapmaq üçün yeni kəşfiyyat quyusunun qazılmasına başlayıb. Bundan başqa, “Azəri-Çıraq-Günəşli” blokunda dərin qatlardakı qaz ehtiyatlarının qiymətləndirilməsi üçün quyunun qazılması başa çatmaq üzrədir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları bp (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), NICO (10%) və “Cənub Qaz Dəhlizi” QSC-dir (21,02%).
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir. “Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.*
N.Abbasova