Bakı Enerji Həftəsi çərçivəsində “Azərbaycan Respublikası, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin üçüncü iclası keçirilib. Bu barədə Energetika Nazirliyindən bildirilib.
“İclasda Yaşıl Enerji Dəhlizinə Bolqarıstanın qoşulması, layihənin texniki-iqtisadi əsaslandırması üçün texniki tapşırıqların tezliklə yekunlaşdırılması razılaşdırılıb”, - deyə məlumatda bildirilir.
Həmçinin məsləhətçi şirkətin seçilməsi və iştirakçı ölkələr arasında birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumunun layihəsi üzrə müzakirələr aparılıb.
Növbəti görüşün 2023-cü ilin iyul ayında keçirilməsi barədə razılıq əldə edilib.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin birinci müavini Romeo Mikautadze, Rumıniyanın energetika naziri Daniel Virgil Popesku, MacarıstanXarici İşlərvəTicarət Nazirliyinin təhlükəsizlik siyasəti üzrə dövlət katibiPeter Sztarayın iştirakı ilə keçirilən görüşə onlayn formatda Bolqarıstanın energetika naziri Rosen Hristov da qatılıb. Tədbirdə Avropa İttifaqı Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru Kristina Lobillo Borrero ilə təmsil olunub.
Xəbər verildiyi kimi, 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında” saziş imzalanıb. Saziş Qafqaz regionundan Avropaya enerji körpüsünün inşasını nəzərdə tutur. Söhbət enerji ötürmə gücü 1000 MVt olan 1195 km uzunluğunda elektrik verilişi xəttinin tikintisindən gedir. Kabel Azərbaycanda istehsal edilən elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırılaraq, Macarıstana və Avropanın qalan hissəsinə nəql edilməsi üçün nəzərdə tutulacaq.
Hazırda layihə üzrə işlər 2023-cü ilin sentyabrında başa çatdırılması planlaşdırılan texniki-iqtisadi əsaslandırmanın hazırlanması mərhələsinə keçib. Xətt 3-4 il ərzində çəkiləcək.
Avropa Komissiyası dünyada ən uzun kabelin çəkilməsi üçün 2,3 milyard avro ayırmağı planlaşdırır.*
R.Kərimov