Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan liderlərinin bu gün Kişineuda keçirilən görüşünü məhsuldar adlandırıb.
O, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə beştərəfli formatda keçirilən görüşdən sonra bildirib ki, Bakı və İrəvan münasibətlərin normallaşması üzərində intensiv işləyir.
“Bizim mayda Brüsseldə toxunduğumuz bütün mövzuları müzakirə etmək imkanımız oldu. Biz sərhədlərin delimitasiyası, sülh sazişinin hazırlanması məsələlərini müzakirə etdik və bu görüş iyulun 21-də Brüsseldə keçiriləcək növbəti görüş üçün çox yaxşı hazırlıq oldu”, - deyə Mişel bildirib.
Onun sözlərinə görə, Aİ Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına dəstəyi davam etdirmək niyyətindədir.
Mişel əlavə edib ki, tərəflər 2023-cü ilin oktyabr ayında İspaniyada keçiriləcək növbəti Avropa Siyasi Birliyi sammiti çərçivəsində beştərəfli formatda yenidən görüşməklə bağlı qərar qəbul ediblər.*
Xəbərlər şöbəsi