Fransanın “TotalEnergies” şirkəti Xəzərin Azərbaycan sektorunda “Ümid-Babək” blokunda “Babək” perspektiv strukturunun işlənilməsi layihəsinin reallaşdırılmasına cəlb oluna bilər. Bu barədə SOCAR şirkətinin birinci vitse-prezidenti Xöşbəxt Yusifzadə məlumat verib.
“SOCAR şirkəti “Babək” perspektiv strukturunda axtarış-kəşfiyyat işlərini sürətləndirməyi planlaşdırır və bu məqsədlə xarici tərəfdaşlarla danışıqlar aparır. Bu işlərin başlanması üçün SOCAR 10 may 2023-cü il tarixində Fransanın “TotalEnergies” şirkəti ilə Anlaşma Memorandumu imzalayıb”, - Yusifzadə cümə günü Bakı Enerji Forumunda çıxışında bildirib.
“İnterfaks-Azərbaycan”ın məlumatına əsasən, onun sözlərinə görə, bütövlükdə SOCAR qarşısında “Ümid” və “Abşeron” yataqlarında intensiv qazma işlərinin artırılması, “Babək”, “Naxçıvan”, “Zəfər-Məşəl” və “Şəfəq-Asiman” perspketiv strukturlarında axtarış-kəşfiyyat işlərinin nəticələrinin yenidən qiymətləndirilməsi, həmin sahələrdə yeni quyuların qazılması və bu layihələrin reallaşdırılmasının sürətləndirilməsi vəzifəsi durur.
Yusifzadə Forum iştirakçılarına müraciət edərək qeyd edib ki, “Babək” perspektiv strukturunun ehtiyatları “Ümid” yatağının ehtiyatlarını (200 milyard kubmetr qaz) iki dəfə üstələyir. Bununla əlaqədar, birinci vitse-prezident bildirib ki, “Babək” strukturunun işlənilməsinə başlamaq üçün “tezliklə kəşfiyyat işləri aparmalıyıq”. **
N.Abbasova