Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2023-cü ilin may ayında valyuta hərraclarında $277,2 milyon ümumi məbləğdə xarici valyuta satıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
Xəbər verildiyi kimi, ARDNF 2023-cü ilin aprel ayında $286 milyon ümumi məbləğdə xarici valyuta satıb. Beləliklə, mayda xarici valyuta satışının həcmi 3,1% azalıb.
“İnterfaks-Azərbaycan” agentliyinin fondun aylıq məlumatları əsasında apardığı hesablamalara görə, 2023-cü ilin yanvar-may aylarında ARDNF valyuta hərraclarında $1 milyard 492,2 milyon məbləğində xarici valyuta (2022-ci ilin yanvar-may ayları ilə müqayisədə azalma 39,4% - İF) satıb.
Hazırda ARDNF valyuta hərraclarında valyutanın əsas satış mənbəyi kimi çıxış edir. Mərkəzi Bank hərracların bir çoxunda tələbin təklifi üstələdiyini qeyd edir.
Azərbaycan Dövlət Neft Fondu 2022-ci ildə valyuta hərraclarında $4 milyard 681,8 milyon məbləğində xarici valyuta satıb ki, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 30% azdır.**
N.Abbasova