Azərbaycan İranda həbs olunan Azərbaycan Respublikasının vətəndaşı Fərid Səfərlinin məsələsi ilə əlaqədar İran hökuməti ilə müzakirələr aparır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin spikeri Ayxan Hacəzadə bəyan edib.
“Azərbaycanın İrandakı diplomatik təmsilçiliyinin məhdud olmasına baxmayaraq, Fərid Səfərli barədə məlumat verildiyi ilk gündən etibarən, həm Xarici İşlər Nazirliyi tərəfindən, həm də Təbrizdəki Baş konsulluğumuz tərəfindən İranın aidiyyəti qurumları ilə müzakirələr aparılmaqdadır”, - Hacızadənin şərhində deyilir.
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Səfərli 20 fevral tarixində İran İslam Respublikasına səfərə gedib 4 mart tarixindən isə ondan xəbər alınması mümkün olmayıb.
Daha sonra isə Səfərlinin İranda casusluqda ittiham edilərək həbs olunduğu barədə məlumat verilib.
Hacızadə xatırladıb ki, Səfərlinin aqibətinin müəyyən edilməsi və İran tərəfindən məsələyə aydınlıq gətirilməsi məqsədilə, mart ayında müvafiq olaraq İranın Bakıdakı səfirliyinə nota ünvanlanıb.
“Tərəfimizdən edilmiş çoxsaylı müraciətlərdən sonra, İran tərəfi notamıza cavab olaraq, Fərid Səfərlinin həbs olunaraq, ona qarşı cinayət işi başladıldığını bildirib. Bu barədə, Səfirlinin ailəsinə müvafiq məlumat verilib”, - o qeyd edib.
XİN-in nümayəndəsi əlavə edib ki, Səfərlinin ailəsi və özü ilə mütəmadi əlaqə saxlanılır. “Yaxın zamanlarda Təbrizdəki Baş konsulluğumuz tərəfindən Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür”, - Hacızadə məlumat verib. **
R.Kərimov