Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bəyan edib ki, yaşa görə pensiyanın orta aylıq məbləği tədricən artırılacaq və 500 manatı ötəcək.
“Hesab edirik ki, sosial islahatların növbəti mərhələsində yaşa görə pensiyanın orta aylıq məbləğini 500 manata və ondan da yüksəyə qaldıra biləcəyik”, - Kərimov cümə günü Bakıda nazirliyin son 5 ildə gördüyü işlərə dair keçirilən mətbuat konfransında deyib.
O, hazırda yaşa görə pensiyanın orta aylıq məbləğinin 465 manat təşkil etdiyinə dair məlumatlar təqdim edib.
Nazir müavini bildirib ki, son 5 ildə Azərbaycanda 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunub.
Onun sözlərinə görə, həmin sosial islahatlar nəticəsində, minimum aylıq əməkhaqqı 2,7 dəfə, minimum pensiya - 2,5 dəfə, median əməkhaqqı - 2,1 dəfə, əməkhaqqı fondu - 2,5 dəfə, orta aylıq pensiya- 2,1 dəfə, sosial müavinət və təqaüd ödənişləri - 5 dəfə, ünvanlı sosial yardımın orta aylıq məbləği - 2,5 dəfə artıb, bu 4 sosial islahat paketi üzrə əlavə olaraq ayrılan illik vəsait 6,8 milyard manata çatıb.
Kərimov əlavə edib ki, 2018-2023-cü illərdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib. Onlara postmüharibə dövründə 4760, bu il - 260, ümumilikdə ötən dövrdə - 13,6 minə qədər mənzil və fərdi ev verilib. Bundan başqa, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 324, ümumilikdə ötən dövrdə 7,5 mindən çox avtomobil verilib.
Bundan əlavə, Kərimov məlumat verib ki, nazirliyin müəssisələrində 104 min şəxsə reabilitasiya xidmətləri göstərilib, əlilliyi olan şəxslərə 246 min reabilitasiya vasitəsi, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olan 416 şəxsə 433 son nəsil yüksək texnologiyalı protez verilib. **
R.Kərimov