SOCAR şirkəti 2024-cü ilin birinci rübündə Heydər Əliyev adına Neft Emalı Zavodunda (BNEZ)“Avro-5” ekoloji standartlarauyğun avtomobil benzinin istehsalına başlamağı planlaşdırır.
Daha əvvəl şirkət 2023-cü il ərzində “Avro-5” standartlarına uyğun benzinin istehsalına başlamağı planlaşdırırdı.
“Hazırda zavodda modernizasiya və yenidənqurma layihəsinin reallaşdırılması davam edir. 2023-cü ilin ikinci rübündən etibarən BNEZ-də “Avro-5” standartlarına uyğun dizel yanacağının istehsalına başlanılıb. 2024-cü ilin birinci rübündə “Avro-5” standartlarına uyğun avtomobil benzininin istehsalına başlamaq planlaşdırılır”, - SOCAR-ın “İnterfaks-Azərbaycan”ın əldə etdiyi məlumatlarında qeyd olunur.
Şirkətin məlumatına görə, fəaliyyət göstəridiyi 70 il ərzində BNEZ-də 364 milyon tondan çox neft emal olunub. Hazırda zavodda 30 adda neft məhsulları istehsal olunur (avtomobil benzini, reaktiv yanacaq, dizel yanacağı, maye karbohidrogen qazı, soba mazutu, sürtkü yağları, neft koksu, neft bitumu və s.). Bütün istehsal olunan neft məhsularının 10%-i ixraca yönəldilir.
Xəbər verildiyi kimi, 2022-ci ildə BNEZ-də 6 milyon 240,3 min ton neft emal olunub.
2022-ci ildə BNEZ-də neftin emal dərinliyi 96,3% təşkil edib.
BNEZ-in illik emal gücü 6,5 milyon ton təşkil edir. Layihə nəticəsində zavodda Xəzər regionu ölkələrinin bütün neft növlərinin emalı mümkün olacaq. Layihənin 2027-ci ildə tam başa çatdırılması planlaşdırılır.
Modernləşdirilmə işlərindən sonra BNEZ-də illik 2,2 milyon ton avtomobil benzini (hazırda 1,2 milyon ton təşkil edir), 2,9 milyon ton dizel yanacağı (hazırda 1,9 milyon ton), 1 milyon ton reaktiv yanacaq (hazırda 600 min ton) və 390 min ton neft-kimya məhsulları (hazırda 112 min ton) istehsal olunacaq.
Layihə $2,2 milyard məbləğində qiymətləndirilib.
BNEZ SOCAR-ın strukturuna daxildir. **
N.Abbasova