SOCAR şirkəti 2023-cü ilin dördüncü rübündə Macarıstana qaz tədarük etməyi planlaşdırır.
Xəbər verildiyi kimi, iyunun 2-də Azərbaycanın SOCAR və Macarıstanın MVM CEEnergy şirkətləri arasında 2023-cü ildə Azərbaycan qazının Macarıstana tədarükünə dair müqavilə imzalanıb.
“Müqavilə 2023-cü ilin 4-cü rübündə tədarükün başlanmasını nəzərdə tutur və bu həcm 100 milyon kubmetr təşkil edəcək”, - “İnterfaks-Azərbaycan”a SOCAR-dan məlumat verilib.
Bundan başqa, SOCAR və MVM Group arasında qaz anbarlarının istifadəsi, maye qaz (LNG) ilə təchizat üzrə əməkdaşlıq müzakirə olunub.
Daha öncə Azəraycan prezidenti İlham Əliyev 2023-cü ilin sonunadək Macarıstan və Serbiyanın Azərbaycandan qaz satın alacağının anonsunu verib.
Dünən Macarıstan XİN başçısı Peter Siyarto məlumat verib ki, imzalanmış müqaviləyə əsasən, bu ilin sonunadək Azərbaycandan Macarıstana 100 milyon kubmetr qaz daxil olacaq.
Onun sözlərinə görə, bu müqavilə qaz tədarükünə dair uzunmüddətli müqavilənin təməli ola bilər. Həmin müqaviləyə görə, Azərbaycandan Macarıstana illik 2 milyard kubmetrədək qaz tədarük oluna bilər.
Xəbər verildiyi kimi, Azərbaycan 2022-ci ildə qaz ixracını 18% - 22,3 milyard kubmetrə qədər artırıb. Avropaya 11,4 milyard kubmetr qaz (+39%) ixrac edilib.
2023-cü ildə Azərbaycandan təbii qazın ixracı 24,5 milyard kubmetr həcmində planlaşdırılır, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.
Hazırda Avropada Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır.**
R.Əhmədov